Navigation


RSS: Yazılar



Didərgin ruhların fəryadı

May 8, 2008 8:49, gündəm, EYV-AZ, Şərhlər(0)

Son zamanlar Azərbaycanda işğal altında olan Şuşa şəhərinin qala divarlarının sökülməsi ilə bağlı həyəcan təbili çalınmaqdadır. Lakin müharibənin Şuşa mədəniyyətinə vurduğu zərbə təkcə bununla məhdudlaşmır. Erməni iddialarının hüdudsuzluğunu əks etdirən "www.artsakhworld.com" saytında "erməni məbədinin mərkəzi" kimi təqdim edilən Şuşada Xan qızı Natəvanın yandırılmış evinin 8 may 1992-ci ildə çəkilmiş fotosu "Azərbaycan vandalizmi" nümunəsi kimi təqdim olunur. İndiyədək erməni vandalizmindən danışanda daha çox böyük Ü. Hacıbəyovun, Bülbülün və Xan qızı Natəvanın güllələnmiş büstlərini misal gətirirdik.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materiallarında erməni əsir və girovluğundan qayıtmış Azərbaycan vətəndaşları ilə aparılan söhbətlər zamanı işğal olunmuş ərazilərdə yaşayış və inzibati binaların, tarixi abidə və yaşayış məskənlərinin ermənilər tərəfindən sökülərək dağıdılması və bu söküb-dağıtma işlərinə əsir və girov vətəndaşlarımızın cəlb edilməsi ilə bağlı xeyli faktlar aşkar olunub. Şuşadakı erməni vandalizmi ilə bağlı faktlardan bir qismini diqqətinizə çatdırırıq.

Abdullayev Rövşən Abdulrəhman oğlu 1993-cü ildə Şuşada yerləşən hərbi hissədə əsir saxlanılıb. O, deyir: "Bizi Şuşa şəhərində yerləşən azərbaycanlılara məxsus qəbiristanlıqların sökülməsində işlədirdilər. Qəbiristanlıq demək olar ki, sökülüb dağıdılmışdı. Mərmər daşları maşına yüklədib aparırdılar".

1994-1996-cı ildə erməni əsirliyində olmuş İdris Usubəli oğlu Mirzəyev Şuşa şəhərindəki 2 qülləli qədim məscidin erməni əsgərləri tərəfindən dağıdıldığını görüb. Daha sonra İ. Mirzəyev işğal olunmuş ərazilərdəki yaşayış evlərinin, ictimai binaların, məktəblərin və digər tikililərin sökülüb talan edilməsində və daşınmasında əsir və girovların əməyindən istifadə edildiyini təsdiq edib, ermənilərin Şuşadakı evlərin tikinti materiallarının və ev əşyalarının talan edilərək maşınlara yükləyib Ermənistana daşındığını bildirib.

1995-1996-cı illərdə erməni əsirliyində olmuş Bağırov Sahib Qərib oğlunun dediyinə görə, əsirlikdə olduğu zaman ermənilər onlara Ağdamda və Şuşada olan qəbiristanlıqdan qara mərmər daşlarını da sökdürüblər. S. Bağırov əsirlərə sökdürülmüş tikinti materiallarından və mərmər sinə daşlarından hazırda həbsdə olan Samvel Babayan üçün ev tikdirildiyini deyib.

Sözügedən faktı təsdiq edən keçmiş hərbi əsir Mehdiyev Nazim Hafiz oğlu bildirir: "Şuşa həbsxanasının yaxınlığında olan azərbaycanlılara məxsus qəbiristanlıqda qəbir daşlarının dağıdılıb söküldüyünü gördüm. Sanki orada bir qəbir də olmamışdı". 1994-cü ildə əsirlikdə olmuş Qəniyev Ariz Məhərrəm oğlu Şuşadakı qəbiristanlıqlardan qəbir daşlarının sökülməsində işlədildiyini qeyd etməklə yanaşı, bu sökülmüş qəbir daşlarından Şuşa şəhərində Andronikə heykəl qoyulduğunu bildirib.

1993-1995-ci illərdə əsirlikdə olmuş Rəsul Nemət oğlu Ramazanov bildirib: "Şuşa şəhərində saxlandığım dövrdə oradakı azərbaycanlıların qəbiristanlığındakı baş daşların, qədim türbələrin, qiymətli pilətələrin sökülməsinin şahidi olmuş, qədim şəhər məscidinin də söküldüyünü görmüşəm. Həmin materiallar İrəvana aid nömrə maşınlarla Ermənistana daşınırdı". 1998-2000-ci illərdə erməni əsirliyində olmuş Rəcəbov Nail Lamik oğlu Şuşa şəhərində saxlandığı zaman tarixi abidələrimizin ermənilər tərəfindən dağıdılmasının və yandırılmasının şahidi olub. Molla Pənah Vaqifin sarayının, konservatoriyanın, qədim Şuşa hamamının tamamilə dağıdıldığını qeyd edən N. Rəcəbov həmin abidələrdəki qiymətli əşyaların və sənət əsərlərinin ermənilər tərəfindən maşınlara yüklədilərək Ermənistana daşınmasının şahidi olduğunu, Şuşa qəbiristanlığının da dağıdıldığını qeyd edib.

Qafarov Rauf Şəmşəddin oğlu bildirir: "Şuşa həbsxanasında saxlanılan zaman mənimlə birlikdə olan əsirlərin hamısını müxtəlif vaxtlarda Şuşa qəbiristanlığına aparıb orada hasara alınmış daşları və armaturdan olan şəbəkələri bizə sökdürüb maşınlara yüklədərək aparırdılar. Mən Şuşa qəbiristanlığında bir dənə də mərmər qəbir daşı görmədim. Qəbirlərin demək olar ki, hamısı dağıdılmışdı. Qəbirlərin əksəriyyəti yan tərəflərdən qazılmışdı. Qəbirləri qazmaqda ermənilərin məqsədi yəqin ki, meyitlərin ağızlarında olan qızıl dişləri götürmək imiş. Şuşadakı müsəlman məscidinin minarəsinə ermənilər qara mərmərdən xaç işarəsi düzəltmişdilər".

1993-1996-cı illərdə erməni əsirliyində olmuş İsmayılov Yunis Suca oğlunun dediyinə görə, o əsirlikdə olarkən Şuşa şəhərindəki tarixi abidələrimizin ermənilər tərəfindən dağıdılmasının şahidi olub. Vaqifin məqbərəsinin, şəhər məscidinin və digər abidələrin sökülərək içərisindəki əşyalarla birlikdə Ermənistana daşındığını qeyd edən Y.İsmayılov Ü. Hacıbəyovun ev muzeyindəki qiymətli əşyaların da Ermənistana daşındığını və həmin binanın yaşayış evi kimi istifadə edildiyini göstərib.

1993-1996-cı illərdə erməni əsirliyində olmuş Kazımov Kərim Əvəz oğlu göstərib ki, onu digər əsirlərlə birlikdə Şuşa şəhərindəki Molla Pənah Vaqifin məqbərəsindəki qiymətli mərmər daş örtüklərinin, İbrahim xanın qəbir daşlarının, Şuşa hamamının yanındakı məscidin döşəməsinin mərmərlərinin və qəbiristanlıqdakı baş daşların sökülməsində işlədiblər. Bülbülün ev muzeyində ermənilərin məskunlaşdığını bildirən K. Kazımov Bülbülün büstünün yıxılaraq üz hissəsinin qoparıldığını, eyni zamanda Ü.Hacıbəyovun büstünün uçurulub parkda avtomaşın parkına atılıb təhqir edildiyini vurğulayıb. Ermənilər tərəfindən satışa çıxarılıb, lakin mədəniyyət naziri Polad Bülbüloğlunun səyi nəticəsində Azərbaycana gətirilən həmin büstlərin üzərindəki güllə və zədə yerləri aşkar görünür.

Müsəlman qəbiristanlıqlarından daşların sökülməsi ilə bağlı faktı 1994-1996-cı illərdə erməni əsirliyində olmuş Məmmədov Vüqar Yavər oğlu da təsdiq edib: "Şuşada müsəlman qəbiristanlıqlarından qəbir daşlarını bizə sökdürüb maşınlarla daşıtdırır, ya da satırdılar. Şuşanın bütün müsəlman qəbiristanlıqları dağılmış vəziyyətdə idi. Ermənilər Şuşanı dağıtmaq fikrində idilər."

İşğal olunmuş digər ərazilərdə - Ağdamda, Füzulidə, Laçın və Qubadlı rayonlarında yaşayış evlərinin, maddi-mədəniyyət nümunələrinin, inzibati binaların yandırılaraq dağıdılması ilə bağlı Dövlət Komissiyasında mövcud olan faktlar təsdiq edir ki, ermənilər hazırda əllərində saxladıqları ərazilərdə Azərbaycana məxsus nə varsa, hamısını dağıtmaqla bu yerləri özününküləşdirməyə çalışırlar. Dünya mədəniyyətinin, ümumən, bəşəri dəyərlərin qoruyucusu kimi təqdim edilən "YUNESKO", BMT və digər beynəlxalq təşkilatların bu faktlara biganə yanaşması ən azı təəssüf doğurur. Halbuki, məhz münaqişə zonalarında ümumbəşəri sərvətlərin qorunması bu kimi təşkilatların başlıca vəzifələrindən olmalı, onların nüfuz və təsir dairəsindən kənarda qalmamalıdır.

Ermənilərin Azərbaycana münasibətdə bütün beynəlxalq qanunları pozması ilə bağlı son dərəcə ciddi faktlar mövcud olsa da, Ermənistan heç bir maneə ilə üzləşmədən işğal olunmuş Azərbaycan torpaqlarında özünün istədiyi kimi hərəkət etməkdədir. Hətta Qarabağdakı separatçı rejimin "Mədəniyyət Nazirliyinin şöbə müdiri" Janna Aleksanyan "Azatamartik" qəzetinə verdiyi müsahibədə "Qədim erməni şəhəri Şuşidə azərbaycanlı türklərin işğalı zamanı inşa edilmiş və bu şəhərin guya azərbaycanlılara məxsus olmasına dəlalət etmək məqsədi güdən lazımsız tikililər ləğv ediləcək" deməklə əslində Şuşada azərbaycanlılara məxsus tarixi abidələrə qarşı olan erməni vandalizmini açıq şəkildə etiraf edib.

Bakıda bir neçə erməni qəbrinin köçürülməsi məsələsi ətrafında hay-küy qaldıranlar bu faktların qarşısında susur və birtərəflilik mövqeyini açıq-aşkar nümayiş etdirməklə əslində özlərinin əsl simasını üzə çıxarırlar. Məzarları dağıdılmış didərgin ruhların ürək-parçalayan fəryadı isə eşidilməz qalır. Və Şuşa bütün dünyanın gözü qarşısında dağıdılır...

Aygün Həsənoğlu,
Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı
Mənbə: "Yeni Çağ" qəzeti 

Baxış sayı: 765
Açar sözlər:




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında

EYV-AZ
Bloq Eyvaz Qocayev tərəfindən yaradılmışdır. Bloqda müxtəlif mövzularda məqalələr, müsahibələr və xəbərlərlə tanış ola bilərsiniz. Bizimle elaqe: eyvazqocayev@yahoo.com


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar


Sorğu

Internetdən nə üçün istifadə edirsiniz?






Açar sözlər

mətbuat  dünya  internet  gənclər  hadisə  siyasət  prezident  kənan  müharibə  ermenistan  aslanlı  türkiyə  müsahibə  mübariz  vüsal  qarabağ  tebriz  ruslar  türkyə,mətbuat  mehdiyev  israil  azəriblogçular  əfv  tələbə  sumqayıt  azerbaycan  fələstin  diaspora  eyvaz  məhkəmə 


Sayqaç


Müxtəlif