Reklam verin!
EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
Parlament Seçki Məcəlləsini mürtəceləşdirdi Depozit ləğv edildi, seçki müddəti 75 günə, seçici imzası 40 minə endirildi Dünən Milli Məclisdə spiker Oqtay Əsədovun sədrliyi ilə Seçki Məcəlləsinin ötən həftə yarımçıq qalmış müzakirəsi davam etdirildi. Deputatlara yeni gündəlik layihəsi paylansa da, cari məsələlərə yer ayrılmadı və spiker dərhal sözü siyahıda adı olan deputat Qüdrət Həsənquliyevə verdi. Deputat çıxış etməzdən öncə nəzərə çatdırdı ki, Seçki Məcəlləsi haqqında layihənin son variantına nəzər yetirərkən orda yeniliklərin və növbəti əlavələrin olduğunu görüb. Bu səbəbdən Q.Həsənquliyev xahiş etdi ki, çıxış etməmişdən öncə müvafiq komissiyanın rəhbərliyi ötən iclasdan sonra hansı əlavə və dəyişikliklərin edilməsi haqqında məlumat versin. Layihəyə yenidən əl gəzdirildi Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov dəyişikliklər barədə danışarkən bildirdi ki, yeni layihəyə görə seçki müddəti 120 gündən 75 günədək endirilib. Komissiyanın seçki kampaniyası müddətinin 60 günə endirilməsini təklif etdiyini vurğulayan Ə.Hüseynov qeyd etdi ki, dövlət başçısı ilə razılaşdırılmış son variant da onları qane edir. Komissiya sədri ötən iclasdan sonra layihəyə edilən növbəti düzəlişin depozitlə bağlı olduğunu qeyd etdi. Xatırladaq ki, əvvəlki layihəyə görə, prezident seçkilərində iddiaçı olan hər bir şəxsin seçki fondunun 3 faizi miqdarında depozit qoyması barədə müddəa var idi. Müxalifət depozitin miqdarının aşağı salınmasını təklif edirdi. Ancaq Ə.Hüseynov dedi ki, son variantda depozit qoyma şərti ümumiyyətlə layihədən çıxarılıb. Yəni namizədlər seçkidə iştirak üçün yalnız imza toplamalı olacaqlar. Qeyd edək ki, Seçki Məcəlləsinin müzakirəyə təqdim edilən ilkin layihəsində depozitin məbləği 300 mindən 10 milyon manata qədər nəzərdə tutulmuşdu. Ə.Hüseynov onu da əlavə etdi ki, namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın da 40 minə endirilməsi nəzərdə tutulub. O, bütün bu dəyişikliklərin ölkə başçısı ilə razılaşdırıldığını qeyd etdi. “Beynəlxalq təşkilatların rəyinə sayğısız yanaşmayın” Yalnız bundan sonra çıxış edən Q.Həsənquliyev xatırlatdı ki, o, seçki müddətinin 120 gündən aşağı salınması barədə təklif səsləndirəndə hakim çoxluq bunu mümkün saymamışdı: “Biz 60 günə endirilməsini təklif edirdik. Ancaq 75 günə endirilməsi də təqdirəlayiqdir. Bəs narahatçılıq nədən ibarətdir ki, müxalifət bu müddətin azaldılmasına qarşı çıxır? Bu narahatçılıq ölkədə qanunların işləməməsi ilə bağlıdır. Hazırda dövlət televiziyasında YAP-dan başqa bir partiyanın bəyanatı, mövqeyi işıqlandırılmır. Şəxsən mən bu gün istərdim televiziya ilə xalqa müraciət edib soruşum ki, Hüseyn Cavid parkının yenidən qurulması vacibdir, yoxsa susuzluqdan yanan Goranboya su çəkilməsi?” Deputat seçki kampaniyası dövründə namizədlərə ayrılan efir vaxtı ilə bağlı da iradlarını bildirdi. Qeyd etdi ki, özəl televiziyalar daha yüksək məbləğ müəyyənləşdirəcəkləri halda namizədlər üçün ciddi problemlər ortaya çıxacaq. Təşviqat materiallarının tikililərin üzərində vurulmasının yasaqlanmasına gəldikdə, Q.Həsənquliyev təklif etdi ki, tarixi abidələr istisna olmaqla, bütün binaların üzərinə plakatların yapışdırılmasına izn verilməlidir. Bundan sonra deputat beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymayanlara mesaj verdi: “Bizim Dağlıq Qarabağ problemimiz var. Ona görə də beynəlxalq ictimaiyyətin mövqeyinə sayğısız yanaşmamalıyıq. Bu mənada seçki komissiyaları ilə bağlı beynəlxalq təşkilatların mövqeyi nəzərə alınmalıdır. Fikrimcə, nə iqtidara, nə də müxalifətə seçki komissiyalarında üstünlük verilməməlidir. İqtidar seçki komissiyalarında 50 faizdən artıq təmsil oluna bilməz. Məsələn, müxalifət seçkini udarsa, o zaman Zimbabvedəki kimi iqtidar müxalifətin qələbəsini tanımaya bilər”. Mübariz Qurbanlı isə Q.Həsənquliyevin dediklərinə cavab olaraq bildirdi ki, Seçki Məcəlləsinə dəyişiklikləri hakimiyyət hər hansı beynəlxalq təşkilatların tələbilə həyata keçirmir: “Bu dəyişikliklər, sadəcə, zərurətdən irəli gəlir”. YAP-çı deputat iddia etdi ki, müxalifət partiyaları vaxtaşırı seçki komissiyalarından təzyiq vasitəsi kimi istifadə edib: “YAP seçki komissiyasından heç vaxt təzyiq vasitəsi kimi yararlanmayıb. Bizim partiyanın məntəqələrdəki nümayəndələri müxalifətçilər deputat seçildiyi halda protokola qol çəkiblər. Amma 2003-cü ildə müxalifət məntəqələrdə protokolların 25 faizinə imza atmadı. Hətta kim qol çəkdisə, onları partiyadan çıxartdılar, qəzetlərində təhqir etdilər. Ona görə də nə YAP, nə də dövlət müxalifətin sıfır variantına qayıtmasına razılıq verə bilməz”. M.Qurbanlı müxalifəti imtahana gedib 2 alsa da, müəllimi ittiham edən tələbəyə bənzətdi: “İndi müxalifət məğlubiyyətini sığortalamaq üçün Seçki Məcəlləsini günahkar çıxarır”. YAP-çı deputatın “cəhənnəmi” Dünənki iclasda hakimiyyət deputatları içərisində bəlkə də ən səmimi çıxış Aydın Həsənovun oldu. O, Seçki Məcəlləsindən danışarkən deputat seçildiyi dövrə ekskurs elədi. Bildirdi ki, əgər hansısa namizədin xalq içərisində hörməti varsa, onun öz şəkillərini yaymağına, təbliğat aparmağına ehtiyacı olmamalıdır: “Şəxsən mən deputat seçilərkən 10 nəfərə qədər namizəd var idi. Onlar Cəlilabadda öz şəkillərini hətta məscidlərin divarlarına vururdular. Mən isə cəmi iki-üç görüş keçirdim, stadiona girəndə o qədər adam var idi ki, elə bilin Braziliya ilə hansısa komanda oynayırdı. Bir neçə ağsaqqal çıxış elədi, dedilər, sənin təbliğata ehtiyacın yoxdur, artıq bizim deputatımızsan. Seçkidən sonra gəlib mənə dedilər ki, müxalifətin nümayəndəsi protokola qol çəkmir. Dedim, qol çəkmir, cəhənnəmə çəkməsin”. Qeyd edək ki, A.Həsənovun bu çıxışı partiyadaşları, hətta sədr və müavinlərinin gülüşü ilə müşayiət olunurdu. “Pariteti birdəfəlik yığışdırmaq lazımdır” Eldar İbrahimov isə seçki müddətinin hətta 45 günə endirilməsini mümkün saydı. Ancaq dərhal da “səhvi”ni düzəltdi: “Amma əgər Prezident Aparatından göndərilən layihədə 75 gün göstərilibsə, hamılıqla müzakirəsiz-filansız ona səs verməliyik”. Deputatların bir qismi “səsvermə” ifadəsini eşidən kimi “səsə qoyaq” deyə, səs-səsə verdilər. Spiker isə demokratiya görüntüsü yaratmaqdan ötrü siyahıda adı olanlara “təkid edən varmı” sualını ünvanlayıb istədiyi cavabı aldı. Qeyd edək ki, Müsavat deputat qrupunun koordinatoru İkram İsrafil çıxışa yazılsa da, spiker ona söz demək imkanı yaratmadı. Ardınca isə ənənəsinə sadiq qalaraq müzakirələrə nöqtə qoymaqdan ötrü sözü birinci müavini Ziyafət Əsgərova verdi. Vitse-spiker öncə seçki komissiyalarının paritet əsasda formalaşdırılması təklifinə reaksiya verdi: “Bəzən müxalifət nümayəndələri fikir söyləyirlər ki, əgər özünüzə arxayınsınızsa, nə üçün seçki komissiyalarının paritet əsaslarla təşkil olunmasına getmirsiniz? Məsələ burdadır ki, biz özümüzdən arxayınıq. Amma sizdən arxayın deyilik. Çünki seçki komissiyalarının işi təkcə iqtidarın məsələsi deyil. Burda həm bitərəflər, həm də müxalifətdən olan insanlar var”. Z.Əsgərov 2000-ci il seçkilərində komissiyaların paritet əsaslarla formalaşdırıldığını xatırlatdı. Bildirdi ki, o zaman Jerar Ştudman şəxsən Heydər Əliyevdən xahiş edəndən sonra ölkə başçısı bu barədə qərar verib: “Amma sonra məlum oldu ki, müxalifət iclasa gəlmir, boykot edir. O zaman MSK və digər seçki komissiyalarının işi iflic oldu. Onda cənab Ştudman AXCP, AMİP və Müsavat sədrlərinə müraciət etdi ki, siz belə etməyin, gəlin, iştirak edin. Heç bir reaksiya olmayanda cənab Ştudman dedi ki, biz artıq seçkini poza bilmərik, buyurun formatı dəyişin və MSK normal işləyəcək”. Z.Əsgərov 2003-cü ildə H.Əliyevin namizədliyini geri götürməsi barədə ərizəsinə Müsavat, ADP, AXCP-nin səs vermədiyini də söylədi: “Əşi, namizədliyimi geri götürürəm də, niyə səs vermirsiniz? Bu, nonsesdir e... Bax, bu cür cığallıq presedenti olan yerdə biz sizə inanmırıq”. Z.Əsgərov paritet barədə təkliflərin müzakirə edilməyəcəyini bildirdi: “Paritet məsələsini birdəfəlik yığışdırmaq lazımdır. Müxalifət 2000, 2003-cü il seçkilərində cığallıq edərək paritetin mümkün olmadığını göstərdi”. Vitse-spiker Seçki Məcəlləsini təklif olunan variantda qəbul etməyi təklif etdi. Bundan sonra səsvermə keçirildi və 100 lehinə, 3 əleyhinə, 1 bitərəf olmaqla Seçki Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edildi. Yeri gəlmişkən, Avropa Şurasının Venesiya Komissiyası bütün tərəfləri qane edəcək komissiyaların formalaşdırılmasını tövsiyə etsə də, iqtidar bunu nəzərə almadı. Elton Məmmədov Pənah Hüseyni təxribata çəkmək istədi Səsvermədən sonra gündəlikdəki digər məsələlərin bir qayda olaraq müzakirəsiz qəbul olunması proseduru həyata keçirildi. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” qanun layihəsi müzakirə edilərkən söz alan millət vəkili Pənah Hüseynin çıxışı qalmaqal yaratdı. Deputat fəaliyyəti dövründə Milli Məclisdə daha bir yeniliklə rastlaşdığını bildirən P.Hüseyn qeyd etdi ki, əvvəlcədən Seçkilər Məcəlləsinin müzakirəsinin davam etdiriləcəyi bildirilsə də, sonradan 15 məsələnin salındığı yeni gündəlik onlara təqdim olunub: “Gündəlik öncədən bilinməlidir ki, deputatlar çıxışlara hazırlaşsın. Biz Milli Məclisin işini təkmilləşdirmək əvəzinə, getdikcə geri salırıq”. Bunun ardınca millət vəkili Seçki Məcəlləsinə edilən son dəyişikliklərə etirazını bildirdi. O bildirdi ki, müxalifət depozitin aşağı endirilməsini tələb etdiyi halda, bu bənd ümumiyyətlə qanundan çıxarılıb. P.Hüseyn buna etiraz etdikdə, deputat Elton Məmmədov yerindən replika atdı: “Seçki Məcəlləsi artıq müzakirə olunub”. Bu zaman P.Hüseyn mikrofonunun söndürülməsindən qəzəblənib ona çıxış imkanının yaradılmasını tələb etdi. Millət vəkilinin mikrofonu yandırılanda üzünü E.Məmmədova tutdu: “Sən kimsən mənim sözümü kəsirsən. Mən nə danışdığımı bilirəm”-, deyən deputat spikeri iclası idarə etməyə çağırdı. E.Məmmədov ayağa durub “ağzına gələni danışma”- deyə növbəti dəfə replika atdı. P.Hüseyn isə hirslə onun özünün ağlına gələni və gəlməyəni danışdığını bildirdi. Bunun ardınca vitse-spiker Valeh Ələsgərov da P.Hüseynin “səhv”ini tutduğunu nümayiş etdirmək istəyəndə millət vəkilindən bu sözləri eşitdi: “Siz çox ağıllı adamsınız Valeh müəllim”. Nəhayət, iclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov mübahisə edən deputatları sakitləşdirə bildi. Elşad PAŞASOY
Bookmark and Share

Açar sözlər:

Yazar: EYV-AZ | Tarix: İyun 3, 2008 13:08 | gündəm | Şərhlər(0) | Baxış sayı: 125

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha